top of page

ÇAPAR DÖYÜŞÜ

Kəlbəcərin Ağdaban kəndi bölgənin şimal-şərqində Dağlıq Qarabağın Ağdərə bölgəsinin ermənilər yaşayan Çapar, Kərəmli, Həsənriz kəndləri ilə sərhəddə yerləşir. Ağdabanda Kəlbəcər Batalyonunun 5-ci bölüyünüyn bir tağımı yerləşdirilmiş və silah-sursatla təmin edilmişdir. Həmin tağım Ağdaban kəndinin ermənilərlə sərhəd yüksəkliklərində ön mövqedə keşik çəkirdi. Bundan başqa 1991-ci ilin sonlarında Bakıdan-701 saylı hərbi hissədən 36 nəfərlik bir dəstə Kəlbəcərin müdafiəsini möhkəmləndirmək üçün göndərilmişdi. Komandiri baş leytenant Bəhrəm Lazımov olan həmin dəstəni də Ağdaban kəndində yerləşdirmiş və onlar ərzaqla, yatacaqla təmin etmişdik. Ağdabanla həmsərhəd olan Çapar, Həsənriz və Qozlukörpü kəndlərində rusların silahlandırdığı ermənilər 1988-1991-ci illərdə Kəlbəcərin Ağdərədən keçən yolunu bağlayaraq dəfələrlə azərbaycanlılara qarşı hücumlar təşkil etmiş, onları öldürmüş, yaralamış, bir neçə dəfə Ağdaban və Çərəkdar kəndlərini gülləboran etmişlər. Həmin illərdə Kərəmli, Umudlu və digər kəndlərin əhalisi ermənilər və rus əsgərləri tərəfindən qovulmuş və evləri qarət edilərək yandırılmışdı. Dekabr ayının 21-də Ağdərənin Çapar kəndini düşməndən azad etmək üçün qərərgah rəisi baş leytenant Tahir Mehdiyevlə mən əməliyyat planı qurduq. Döyüşə ümumi rəhbərlik mənə tapşırılmışdı. Bu döyüşə baş leytenant Əhmədov Ələddinin komandirlik etdiyi 5-ci bölüyün Ağdabanlılardan ibarət tağımı (bölük komandirinin müavini: Quliyev Zahid, tağım komandiri leytenant Nəsib Nəsibov, baş çavuş Əjdər Nəsibov), Çərəkdar kəndindəki tağım, zabitlərdən: leytenant Hüseyn Nəbiyev, leytenant Akif Mirzəliyev, leytenant Seyfəli Orucov, baş leytenant Çıraq Bayramov, kiçik leytenant Mehdi Şahüseynov, baş leytenant Xalid Hümbətov, leytenant Rəsul Əmirov, leytenant Fehruz Alışov, gizir Tofiq Rzayev, leytenant Ziyafət Tağıyev, leytenant Hicran Abbasov, baş gizir Arif Abbasov, batalyonun digər bölüklərində xidmət edən könüllülərdən: Nemət Nadirov, Dadaş Hacıyev, Vahib Allahverdiyev, Habil Mürsəlov, İlqar Əsədov, Habil Sadıqov, Vüqar Qurbanov, Nəriman Məmmədov, Natiq Əhmədov, Sərdar Cəfərov, Elxan Əliyev, Mətləb, Ədalət Rəhimov,və s.-cəmi 120 nəfərədək döyüşçü cəlb olunmuşdu. Batalyonda əsgər çox idi, lakin hamını silahlandırmağa silahımız çatmırdı. Biz bəzi əsgərləri kiçik çaplı tüfənglə-TOZ-8, beşaçılan və əldə düzəldilmiş təlim avtomatları ilə silahlandırmışdıq. Əsas ümidimiz; baş leytenant Bəhrəm Lazımovun komandirlik etdiyi və yaxşı silahlanmış 36 nəfərlik Bakı dəstəsi idi.
Əməliyyat gecə keçirilməli idi. Çapar kəndi Ağdaban kəndinin üst tərəfindəki yüksəklikdə yerləşdirilmiş top və alazan raketləri ilə vurulmalı, Kərəmli dəstəsi Çapar kəndinin şimal tərəfindən Həsənriz kəndinə gedən yolu bağlamalı və Çapara kömək gələsi təqdirdə onları atəşlə məhv etməli idi. Çərəkdar kəndindən olan dəstə Çaparın cənub tərəfindən hücum etməli, əsas hücum qüvvəsi olan Kəlbəcər batalyonunun və Bəhrəm Lazımovun döyüşçüləri isə kəndin qərb tərəfindən hücuma keçməli idilər. Üç tərəfdən hücuma məruz qalan ermənilər mütləq Çaparı tərk etməli idilər. Axşam saat 11-də erməni və rusların mövqe tutduqları Qozlu kəndini topla, Çapar kəndini və kəndə gələn yolu isə “Alazan” raketləri ilə vurmağa başladıq. 1 saata qədər davam edən artilleriya atəşi Çapar və Qozlu kəndində 15-20 evi dağıtmış və yandırmışdı. Qozlu və Çapar kəndləri od içində idi. Artıq yanan evlərin işığında ermənilərin kənddən çıxıb qaçdıqlarını görürdük. Gecə gizlicə Çapara tərəf irəliləyən döyüşçülərimiz artıq evlərin yaxınlığında idilər. Bizim döyüşçülər sürünə-sürünə yaxınlaşırdılar. Çapar kəndindən rus və ermənilərin döyüş maşınları ilə, iri çaplı pulemyotlar və avtomatlarla bizə kor-koranə atəş açır, yerimizi dəqiq bilmirdilər. Əsgərlər hücum əmrini gözləyirdilər. Elə bu zaman pusqudakı dəstə Həsənrizdən Çapara köməyə gələn düşmən əsgərləri ilə dolu Kamaz markalı maşını atəşə tutaraq məhv etdi. 30 nəfərədək düşmən məhv edilmişdi. Bizim döyüşçülərdən isə ölən və yaralanan yox idi. Əməliyyat planına uyğun olaraq Çərəkdar tərəfdən (Çapar kəndinin cənubundan) atəşin açılması ilə qəti hücuma keçməliydik. Biz oradakı döyüşçülərin kəndə yaxınlaşmalarını gözlədimiz bir vaxtda əsgərlərdən kimsə ehtiyatsızlıq edərərk düşmən tərəfə işıqsaçan güllələrlə atəş açdı. Ermənilər və kənddəki rus hərbçiləri yerimizi bildikləri üçün hər tərəfdən pulemyot, avtomat və PDM topları ilə bizim istiqamətə atəş aşmağa başladılar. Güllələr başımızın üstündən keçarək meşəyə səpələnir, ətrafımızda çovuyurdu. Başımızı qaldırmağa imkan yox idi. Güllələr üstümüzə dolu kimi yağırdı. Biz atəşi dayandırdığımız üçün düşmən bizim meşə ətəklərində olduğumuzu yəqin edərək, mövqelərimizin arxa tərəfini daha güclü atəşə tutmuşdu. Bizim lap yaxınlıqda olmağımızı onlar heç ağıllarına belə gətirmirdi... Axşamdan xeyli keçmiş mən 12-13 nəfərlik bir dəstə ilə Çapar kəndinin yaxınlığında mövqe tutmuş bizimkilərin yanına gəldim. Biz sürünərək ön mövqedə yerə uzanmış döyüşçülərin yanına gəldik. Düşmən mövqelərini bir daha nəzərdən keşirdim. Sağ cinahdan Çərəkdar dəstəsinin hücuma keçməyini gözləyirdik. Oradan isə-heç bir atəş açılmırdı. “Onlar niyə başlamırlar, nəyi gözləyirlər?”-deyə öz-özümə onları qınayırdım. Çünki hücum əməliyyatı pozula bilərdi. Çərəkdar dəstəsi isə yoxa çıxmışdı. Səhərin açılmasına az qaldığına baxmayaraq, onlarla heç bir əlaqə yox idi. Bu vəziyyətdə hücuma keçsəydik rusların çoxlu sayda zirehli texnikası qarşısında heç nə edə bilməz, bunun qarşılığında “atəş kisəsi”nə düşə bilərdik. Səhərin açılmasına isə lap az qalırdı... Bölük komandiri baş leytenant Ələddin Əhmədovun dediklərindən: “Ağdabandan Çaparadək olan 6-7 kilometrlik yolu demək olar ki, güllə yağışı altında irəliləyirdik. Düşmən başımızın üstündən yuxarı meşəni atşə tutmuşdu. Bizim bu qədər kəndə yaxınlaşmağımız onların ağlına gəlməzdi. Dairəvi şəkildə irəliləyərək düz düşmən mövqelərindən 40-50 metr məsafədə sərbəst gizləndik. Hücuma keçmək üçün son hazırlıqları apardıq. Sol cinahdan Həsənrizdən Çapar kəndinə köməyə gələn ermənilərlə dolu maşını məhv etdik. Çapardakı ermənilər bundan xəbər tutmadılar. Yaxınlıqda tövlə pəncərəsindən səsini kəsməyən iri çaplı pulemyotu susdurmağa isə qumbara lazım idi. Qumbara isə heç kimdə yox idi. Elə bu vaxt tağım komandiri leytenant Nəsib Kərimov mənə yaxınlaşıb ermənilərin danışığını tərcümə etdi. Dedi ki, komandir, onlar deyir ki, Aterk kəndindən kömək çağıraq və türkləri tutaq. Onlar bilmirdilər ki, Aterkdən onlara gələn kömək isə artıq məhv edilmişdi. Lakin ermənilərin köməyinə Qozlikörpü kəndindən 3-4 ədəd rusların PDM-i gəldi. Biz dar bir çökəkdə toplaşmışdıq. Gecə yarıdan ötmüşdü. Hava işıqlaşsa, düşmən bizi görər və çıxılmaz vəziyyətdə qala bilərdik. Kəndin sağ tərəfindən Çərəkdar dəstəsinin atəş açacağını gözləyirdik.Onların atəşi ilə düşmən çaş-baş qalar və hücum müvəffəqiyyətlə başa çatardı. Onlardan isə səs-soraq yox idi. Elə bu vaxt bizim əsgərlərdən kimsə işıqsaçan güllələrlə düşmən mövqelərini atəşə tutdu. Komandasız edilən bu hərəkət bizi pis vəziyyətdə qoydu. Yerimizi bilən düşmən hər tərəfdən bizi atəşə tutdu. Artıq düşmən üzərinə hücum etmək ağılsızlıq olardı. Itki verə bilərdik. Məcbur olub geri çəkilməyə başladıq. Artıq səhər açılırdı. İtki verməmək üçün meşəyə çəkilmək əmri verdim. Güllə yağışı altında sürünə-sürünə meşəyə çəkildik. Güllələr ağacların budaqlarına dəyərək vızıltı ilə ora-bura çovuyur, özünə qurban axtarırdı. Əməliyyat baş tutmamışdı. Meşədə bir az dincimizi alsaq da aclıq, susuzluq və yorğunluqdan yeriməyə taqətimiz yox idi. Qar yeyə-yeyə meşə cığırı ilə yuxarı-Ağdaban yüksəkliyinə tərəf qalxırdıq. Artıq səhər açılanda biz Ağdaban yüksəkliyində-topların yanında idik” .

DİGƏR ƏMƏLİYYATLAR :

            Copyright  © 2022        |       www.kalbajar.com        |      Əlaqə :(+994 55) 585-55-58     |     Email : kalbajarcom@gmail.com        |     By Rashad Abdullayev          

bottom of page