" Kəlbəcər alındı desələr əlbət,Bilin şəhid düşüb deməli Ülfət! " - Milli Daşqın
- www.kalbajar.com
- Jul 22, 2018
- 2 min read
Kəlbəcərli şair Milli Daşqın Ziyəddinoğlu, Qarabağ müharibəsi iştirakçısı, tanınmış kəşfiyyatçı, şəhid Ülfət Kərimova şeir həsr edib.

Qeyd edək ki, Ülfət Kərimov 1971-ci il fevralın 23-də Kəlbəcərdə anadan olub. O, düşmənin iki tankını, iki ədəd “PDM-2”, iki “AQS-17”, iki minaatan (120 mm.-lik) ələ keçirib, üç tankını isə məhv edib. Kəşfiyyatçı kimi xidmət edən Ülfət Kərimov 1993-cü il martın 27-də Kəlbəcər rayonunun Ağdaban kəndi istiqamətində əhalinin kəndi tərk edə bilməsi üçün ermənilərlə qeyri-bərabər döyüşə girib. Kənd əhalisinin sağ-salamat kəndi tərk etməsinə nail olsa da, özü Aşıq Şəmşirin məzarının yaxınlığında döyüşən zaman şəhid olub. Ü. Kərimov 1993-cü il sentyabrın 13-də ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilib. Şair Milli Daşqın Ziyəddinoğlunun şəhidə həsr ediyi şeiri oxuculara təqdim edirik : Ü L F Ə T Gəlmədi dağlardan,dağlarda qaldı, Dağlarla bir ülfət bağladı Ülfət. Hər daşa, qayaya mərmi dəyəndə, Coşğun çaylar kimi çağladı Ülfət. Vətən dara düşdü, oğul istədi, Vətənin hayına çatdı qərəman! Cavan arzuları öz ürəyindən, Söküb bir tərəfə atdı qəhrəman! Nə qədər sağ idi dağlar qartalı, Dağları alınmaz qala bilərdik. Biz də Ülfət kimi oğul olsaydıq, Ülfətlə bir yerdə qala bilərdik. Girərdi döyüşə bir aslan kimi, Bir dəfə səksənməz, bir dəfə qorxmaz. Hər oğul istəyər Ülfət olmağa, Amma Ülfətləri hər ana doğmaz. Son döyüş meydanı Ağdaban oldu, Dayandı əcəlin qəsdinə Ülfət. O əl bombasını sıxıb köksünə, Yeridi tankların üstünə Ülfət... Düşmənlər sarmışdı dörd bir yanını, Belə bir məqamda neynəyər insan? Ölümü gözündə öldürə bildi, Yüyürdü ölümün üstünə bir an. Dedi: Ey qəsbkar, ey yağı düşmən, Bu torpaq mənimdi, geri dönmərəm. Yıxaram başına bütün dünyanı, Üstümə dünyayla yeri, _dönmərəm! Qələmim acizdi, sözüm də aciz, İlahi, sözümün bitdiyi yerdi. İyirmi beş il əvvəl qoyub gəldiyim, O dağlar Ülfətin getdiyi yerdi. Nə dağlar bağışlar, nə Ülfət bizi, Kəlbəcər, qayıdıb gələ bilməsək. Torpağın üstündə niyə gəzək ki, Torpağın uğrunda ölə bilməsək ?! Daşqınam, qəlbimdən qara qan axdı, Bu sözü demişdi Ülfət o vaxtı: -Kəlbəcər alındı desələr əlbət, Bilin şəhid düşüb deməli Ülfət! Milli Daşqın Ziyəddinoğlu
Fedai.az
Comentários