MUROVUN ƏBƏDİYYƏT LAYLASI Və ya Məzarsiz Kərəm
- www.kalbajar.com
- Apr 24, 2017
- 2 min read

Həşimov Kərəm Əşrəf oğlu 1968-ci ildə Kəlbəcərin Dərəqışlaq kəndində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra hərbi xidmətini başa vurmuş, Kəlbəcərdə könüllü dəstələr yaranan vaxtdan cəbhəyə getmişdir.
«Dikyurd», «Söyüdlü», «Taxtadüz» sərhəd keşikçi məntəqələrində düşmənə layiqli cavablar verən Kərəm Laçının düşməndən azad edilməsi uğrunda gedən döyüşlərdə, Ağdərə-Kəlbəcər yolunun açılmasında iştirak etmiş və hünər göstərmişdir.
Son döyüşü 1993-cü il martın 28-də Ağdabanda oldu. Buna son döyüş də demək çətindir.
Çünki Kərəm o döyüşlərdən sonra onu haraylayanların səsinə səs verməyib. Nə itkin düşdüyü bilinir, nə də şəhid olduğu. Amma Ağdaban ermənilər tərəfindən yandırılanda Kərəm o döyüşlərdə olub və onun təkbaşına atışdığını görüblər.
Evli idi. Özündən sonra dünyaya gəlmiş körpəsi də atasız dünyasına vaxtından əvvəl əlvida deyib…
Dağların qoynunda binələnmiş Dərəqışlaq Göyçə ilə Kəlbəcər arasındakı Dikyurdun ətəklərində, iki dağın arasındadır. Kənd qədimliyi, ululuğu ilə tarixə yaddaşdır. Ermənilər bu kəndin də «gününü göy əskiyə düymüşdü». Yaylaq vaxtı dəfələrlə mal-qaranı aparmış, naxırçıları – çobanları gülləbarana tutmuşdu. Kəndin yeniyetmələri, əli silah tutanları yağıların amansız hücumlarının qarşısını almaq üçün sərhədlərə çəkildilər. Keşikçi məntəqələri yaradıb el-obanı qorumağa başladılar.
Kərəm də əsgərlikdən sonra könüllü dəstəyə yazılmışdı. İlk döyüş yolu Kəlbəcərin dədə-baba yolu olan Ağdərə-Kəlbəcər magistralının açılması uğrunda əməliyyatdan başlandı. Sərhəd boyu erməni hücumlarının qarşısının alınmasında fəal iştirak edirdi.
Döyüş texnikasına mükəmməl yiyələnmişdi. Narışdar, Alaqaya, Ağdaban kəndlərinin müdafiəsində cəsarətlə, hünərlə dayandığı üçün komandir onu iki günlüyə evə buraxmışdı. Vəngə hücum edən ermənilərə əlverişli şərait yaratmaqdan ötrü daşnak dəstələri Basarkeçər istiqamətindən də dayanmış keşikçilərimizi top-tüfəngə tutmuşdular. Qüvvələri dağıtmaq üçün hazırlanmış bu plan məkrli niyyətlər gülürdü: Kəlbəcəri müdafiə edən qüvvələr bütün istiqamətlərə paylansın, nəticədə güc zəifləsin, qüvvələr nisbəti ermənilərin xeyrinə olsun. Odur ki, bir tərəfdən güclü hücum gözlənilən zaman qəflətən başqa istiqamətdən sərhəd pozulur, beləlilə də qüvvələrimiz bir neçə yerə səpələnməyə məcbur olurdular.
Vəng döyüşlərindən qayıdan Kərəm Dikyurd məntəqəsinə, döyüşçü dostlarının yanına tələsəndə evdə qurbanlıq qoç kəsilmişdi. O gün mart (1993-cü il) ayının 25-i idi. Xəbər çıxdı ki, ermənilər Çapardan yenə Ağdabana hücum edib. Belə xəbərlər tez-tez eşidildiyindən vahimə hər yanı bürümüşdü. Səhər tezdən Ağdabana qayıtdı Kərəm. Elə o gedən oldu. Son döyüşü haqqında dostları xəbər gətirdi: «Kərəm kişi kimi döyüşdü və döyüş meydanından çıxdığını görən olmadı».
Bu da çoban Əşrəf kişinin məzarsız oğlunun alın yazısı. Bu yazını ona tale yazmışdı. Tale yazısına pozu yoxdur. Kaş Kərəm gəlib çıxa və Ülfətimizdən də bir soraq verə.
Ülfətlə Kərəm Ağdabanın ölüm, qan-qada qoxulu səhərinə özlərini birinci çatdırmışdı. Sonrakı taleləri məlum olmayan igid həmyerlilərimizin qəhrəmanlıq dolu ömür yolu vətənsevərlərimiz üçün layiqli örnəkdir. Məhəmməd Nərimanoğlu ( Nakam Talelər)
Commentaires